UEFA Çempionlar Liqasının pley-of mərhələsində “Benfika” Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşıb. Portuqaliya təmsilçisi görüşün taleyini elə ilk hissədə həll edib. 27-ci dəqiqədə David Neresin qapı önünə ötürməsindən sonra Nikolas Otamendi başla dəqiq oynayıb. 40-cı dəqiqədə fərq artıb. Aleksandr Sirotanın müdafiədə kobud səhvi qolla nəticələnib. Rafa Silva fərqlənib. 2 dəqiqə sonra qonaqlar 3-cü dəfə mərkəzə dəvət olunub. David Neres mübarizəyə nöqtə qoyub: “Benfika” – “Dinamo” Kiyev 3:0. Beləliklə, iki oyunun nəticəsinə əsasən 5:0 hesabı ilə qələbə qazanan “Benfika” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

“Srvena Zvezda” doğma meydanda İsrail təmsilçisi “Makkabi” Hayfa ilə üz-üzə gəlib. 27-ci dəqiqədə Aleksandr Peşiç meydan sahiblərini hesabda irəli çıxarıb. İlk hissənin sonlarında Serbiya təmsilçisi daha bir qol vurub. Mirko İvaniç “Makkabi”nin qapısını növbəti dəfə silkələyib. İlk hissəyə artırılan 4-cü dəqiqədə qonaqlar penalti vurmaq imkanı əldə etsə də Dolev Haziza fürsətdən yararlana bilməyib. Müdafiəçilər topu kənarlaşdırsa da, Daniel Sundqren uzaqdan qüvvətli zərbə ilə topu qapıdan keçirib. Qarşılaşmanın sonlarında “Srvena Zvezda” üzvü Milan Pavkov avtoqol müəllifi olaraq “Makkabi” Hayfanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə imkan yaradıb. “Srvena Zvezda” – “Makkabi” Hayfa 2:2.